Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək

Written by wsdmin on . Posted in Uncategorized

web_sec_press_2013_03_06

Ölkəmizdə informasiya texnologiyaların günü-gündən inkişafı veb təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçiriləcək.

2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ölkədə bu sahənin daha da inkişaf etməsinə təkan verir. Bu dəstəkdən mənəvi ruhlanaraq, İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan veb təhlükəsizlik mövzusunda müsabiqəyə start verilir.

“Delta Telecom”un sponsorluğu, XDMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin 6-17 Mart tarixlərini əhatə edəcək.

Müsabiqənin qısa müddətdə keçirildiyini nəzərə alaraq, Təşkilat Komitəsi qeydiyyat prosesini 6 Mart tarixindən başlayaraq, yarışma boyunca ( 17 Mart tarixinə qədər) davam etdirəcək.

Qeydiyyat şərtləri olduqca sadədir. Bunun üçün sadəcə rəsmi səhifədə (http://websecurity.hackathonazerbaijan.org/) qeydiyyat formasını doldurmaq tələb olunur. İştirakçıların qeyd olunan müsabiqə qaydaları ilə tanışlığı və onların qəbul edilməsi də şərtlər sırasındadır.

Müsabiqənin əsas mərhələsinin başlandığı 15 Mart tarixindən isə gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınayacaqlar.
17 Mart saat 18:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub.

Ümumi qaydalara gəldikdə isə təşkilat komitəsi tərəfindən yarışma bir sayt hazırlanacaq. 3 gün ərzində bu saytda hər hansı texniki boşluq tapan iştirakçı qalib hesab olunacaq və pul mükafatını əldə edəcək.

I gün: Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan sayt iştirakçılara təqdim olunur. Qalib gələn şəxsə təqdim olunacaq məbləğ: 3000 AZN
II gün: Sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluöu tapan şəxs qalib hesab olunacaq: 2000 AZN
III gün: Texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunur. Qalibiyyət məbləği: 1000 AZN

Veb təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.