Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda keçirilən müsabiqəyə start verildi
Daha öncə də məlumat verdiyimiz kimi Ölkəmizdə informasiya texnologiyaların günü-gündən inkişafı veb təhlükəsizlik məsələsinin aktuallaşmasına səbəb olub. Məhz bu səbəb nəzərə alınaraq Azərbaycanda ilk dəfə veb təhlükəsizlik mövzusunda müsabiqə keçirilir.
“Delta Telecom”un sponsorluğu, DMX XRITDA Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (cert.gov.az) texniki dəstəyi ilə həyata keçirilən müsabiqə cari ilin 6-17 Mart tarixlərini əhatə edəcək.
Müsabiqənin əsas mərhələsinə bu gün səhər saat 10:00-dan etibarən start verilib. Gənc proqramçılar qalibiyyət uğrunda öz güclərini sınamağa başlayıblar. Təşkilat Komitəsindən MoBiz-ə verilən eksklyüziv məlumata əsasən müsabiqəyə maraq çox böyükdür. Belə ki, qeydiyyat mərhələsindən artıq 150-dən çox iştirakçı keçib. Qeydiyyat prosesi hələ də davam etməkdədir.
17 Mart saat 19:00-da yarışmanın yekunlaşması nəzərdə tutulub. Nəticələr 19 Mart tarixində elan olunacaq.
Ümumi qaydalara gəldikdə isə 3 gün ərzində iştirakçılar təşkilat komitəsi tərəfindən hazırlanan xüsusi yaradılmış hədəf saytında texniki boşluq taparaq, sayta zərər vurmalıdırlar. Qalib olan şəxs pul mükafatını əldə edəcək.
I gün: Təşkilat Komitəsi tərəfindən hazırlanan və təhlükəsizliyi güclü sayılan sayt iştirakçılara təqdim olunur. Qalib gələn şəxsə təqdim olunacaq məbləğ: 3000 AZN
II gün: Sayta kiçik texniki boşluq əlavə olunacaq. Bu texniki boşluöu tapan şəxs qalib hesab olunacaq: 2000 AZN
III gün: Texniki cəhətdən nisbi mühafizəli sayt iştirakçılara təqdim olunur. Qalibiyyət məbləği: 1000 AZN
Veb təhlükəsizliyi, kompüter istifadə etdiyiniz zaman ortaya çıxa biləcək risklərin idarə edilməsi ilə maraqlanan və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görən elm sahəsidir.
Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.